“İsmikhanlı” MMC "Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılmasına xidmət edir.
Layihə dəyəri 18 milyon manatdır - İlboyu meyvələr satır
FED.az xəbər verir ki, bunu Qusar rayonunda fəaliyyət göstərən “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında MMC-nin baş direktoru Nəcəf Cəfərli deyib.
N.Cəfərli bildirib ki, Qusar rayonunda layihə dəyəri 18 milyon manat olan “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksinin 330 hektar ərazisində ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir:
"2009-cu ildən fəaliyyətə başlamışıq. Fəaliyyətimiz əsasən meyvəçilikdən ibarətdir. Bu gün artıq 330 hektardan çox bağ becəririk. 8 min 700 tonluq soyuducu anbar istifadəyə vermişik. Bu soyuducunun bütün avadanlıqları Avropadan gətirilib. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.
Həmçinin bu çeşidləmə qurğumuz saatda 14 ton istehsal gücünə malikdir. İstehsal etdiyimiz məhsulun 45 faizi daxili bazarlara, digər faizi isə xarici bazarlara göndərilir. Xarici bazarlardan ənənəvi olaraq Rusiya bazarları seçilir. Alternativ bazarlar olaraq isə körfəz ölkələri bazarlarıdır. Burda çalışan işçilərin böyük hissəsi yerli sakinlərdir. Hazırda işçilərin sayı 270 nəfərdir. Mövsüm dövründə isə əlavə olaraq 400 nəfər işçi də cəlb olunur.
İşmizi beynəlxalq əməkdaşlıq səviyyəsində qurmuşuq. Avropadan məsləhətçilər cəlb etmişik. İl boyu bağda iş davam edir.
Eyni zamanda çeşidləmə sahəsin həyata keçiririk. Başqa sahibkarlara ehtiyac olarsa onların da məhsullarını çeşidləmək və saxlamaq üçün xidmətlərimizi təqdim edə bilərik. Dövlət dəstəyi sayəsində bağlarımız böyüyür".
Qeyd edək ki, layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 30-da Qusar rayonunda fəaliyyət göstərən “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksinə səfəri zamanı orada görülən işlərlə tanış olub. (Report)