Ötən il beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib.
FED.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov yanvarın 30-da ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, 2022-ci illə müqayisədə ümumi satış gəlirlərində 15% artım qeydə alınıb. Bu vəsaitin 210.1 milyon manatını ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda satış gəlirləri isə 81% artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97.9%-i məhz qızılın satışı nəticəsində əldə edilib.
Bununla, 2017-2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş ümumi gəlir isə 1.19 milyard manat olub.