İstismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən, qızıl ekvivalentində unsiya olaraq (179 min unsiyadan 4 milyon 447 min unsiyaya qədər) ümumilikdə 24 dəfə artırılıb..
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.
"Hasilat həcminin artırılması, ixracın genişləndirməsi ilə yanaşı resursların artırılması istiqamətində də fasiləsiz olaraq işlər aparılıb. "AzerGold” fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruqqazma işləri icra edib", - Z. İbrahimov deyib.
O qeyd edib ki, QSC-nin başlıca məqsədi, qarşısında duran ən əsas vəzifə ölkə iqtisadiyyatının inkişafına davamlı töhfəlsini vermək, qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə öz dəstəyini göstərməkdir: “Əminəm ki, bundan sonrakı dövrdə də qarşıya qoyulan hədəflərə nail olacağıq. Xüsusilə, qarşıdakı dövrlərdə digər mədən sahələrinin istismara verilməsi, yeni iş yerlərinin yaradılması ilə bölgələrin sosial-iqtisadi mənzərəsinin daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlara imza atacağıq”.
Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.
Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.