İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Macarıstanın "Hell Energy" şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb.
“Hell Energy” Azərbaycanda alüminium içki qutularını - İSTEHSAL EDƏCƏK
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində bildirib.
Onun sözlərinə görə, sənədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə keçirilən tədbirdə imza atılıb. Müqaviləyə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikiləcək.
"Layihənin icrası ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, yerli istehsalın artmasına və məşğulluğun təmin edilməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, zavod Ələt Azad İqtisadi Zonasının ərazisində, qabaqcıl texnologiyalara əsasında inşa ediləcək. Onun illik istehsal gücü ilkin mərhələdə 415, tədricən 700 milyon ədəd içki qutusu təşkil edəcək. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır. Layihənin investisiya dəyəri 211 milyon dollardır.
İmzalanma mərasimində çıxış edən M.Cabbarov layihənin iki ölkənin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, Azərbaycanda qeyri-neft sektorunun davamlı artımına, yerli istehsala və məşğulluğun təmin edilməsinə töhfə verəcəyini qeyd edib. Nazir vurğulayıb ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir, iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Macarıstanla ticarət, sənaye, enerji, o cümlədən, bərpa olunan enerji, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var. Azərbaycan rəsmisi Ələt Azad İqtisadi Zonasının imkanlarının yerli və xarici investorlar, o cümlədən Macarıstan investorları üçün geniş imkanlar açdığını bildirərək, yeni birgə layihələrin həyata keçirələcəyinə əminliyini ifadə edib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin davamlı inkişafının, işgüzar dairələr arasında tərəfdaşlığın, birgə layihələr həyata keçirilməsinin önəmini vurğulayıb, əməkdaşlığın müxtəlif istiqamətlərdə gücləndirilməsi barədə fikirlərini bildirib.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Zonanın fəaliyyəti, “Hell energy” şirkətinin icraçı direktoru Barbabas Çereklye və AİŞ-in icraçı direktoru Ülvi Mansurov isə layihə barədə məlumat veriblər. Tədbirdə layihənin təqdimatına dair video-çarx nümayiş etdirilib.