"İşğaldan azad edilmiş ərazilərdə mövcud Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılarkən ilk növbədə sahibkarların təhlükəsiz və rahat fəaliyyət göstərmələri nəzərə alınıb. Belə ki, bu sözügedən sənaye parklarının ərazilərində minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıq yüksək idi. Artıq bu ərazilər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tam olaraq təmizlənib, hazırda bu sənaye parklarında rezidentlər üçün infrastruktur qurulur, bir neçə müəssisənin isə tikintisi gedir".
FED.az xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Gülüstan sarayında keçirilən Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye Təhlükəsizliyi Zirvəsi 2023” adlı tədbirdə çıxışı zamanı bildirib.
Elşad Nuriyev vurğulayıb ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında müəssisələrin inşası zamanı tikinti prosesində təhlükəsizlik qaydalarının gözlənilməsi prioritet məsələlərdən hesab edilir:
"Həmçinin fəaliyyətə başlayan müəssisələrdə müasir tələblərə cavab verən qabaqcıl texnologiyaların tətbiqi, əməyin mühafizəsi qaydalarına riayət edilməsi kimi hallar istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısını alır. Onu da qeyd edim ki, sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tam olaraq ekoloji standartlara cavab verir". (Marja)