Çin kapitallı “Azerbaijan Vanhong Ceramics Co.” şirkəti Sumqayıt Kimya Sənaye Parkında keramik plitələrin istehsalına 50 milyon ABŞ dollarından çox investisiya yatırıb və artıq istehsalata başlanılıb
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumunda bildirib.
O, bu müstəvidə AZPROMO-nun dəstək göstərdiyi layihə haqqında məlumat verərək bildirib ki, Çin kapitallı “Azerbaijan Vanhong Ceramics Co.” şirkəti Sumqayıt Kimya Sənaye Parkında keramik plitələrin istehsalına 50 milyon ABŞ dollarından çox investisiya yatırıb”.
İcraçı direktor vurğulayıb ki, aprelin 17-də Pekində AZPROMO və Çin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, AZPROMO-nun Çindəki ticarət nümayəndəliyinin dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib:
“Konfransda iki ölkənin dövlət qurumları və özəl şirkətləri arasında 10-dan çox müqavilə imzalanıb. İmzalanmış investisiya layihələrinin ümumi həcmi 335 milyon ABŞ dolları təşkil edib. Mövcud mexanizmlərin icrası çərçivəsində, bizim dəstəyimizlə Azərbaycan ixracatçıları vahid ölkə stendi altında Çində keçirilən ən nüfuzlu sərgilərdə – Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) və Çin Beynəlxalq Xidmətlərin Ticarəti Sərgisində (CIFTIS) kimi tədbirlərdə mütəmadi olaraq iştirak edirlər. Bu il də CIIE-də iştirakımız planlaşdırılır”. (Report)