Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi “Baku Steel Company” QSC-nin (BSC) Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin əsas istiqamətlərindəndir. Davamlı olaraq ekoloji layihələrə dəstək verən şirkət bu dəfə öz əməkdaşları üçün ekoloji maarifləndirmə seminarı təşkil edib.
FED.az xəbər verir ki, seminar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən BSC-nin Konfrans zalında keçirilib.
Ətraf mühitin, yaşıllıqların, atmosfer havasının mühafizəsi, ekoloji təhlükəsizlik, ölkəmizin eko-vəziyyəti, eləcə də təbii ehtiyatlardan səmərəli istifadə haqqında məlumatlar seminar iştirakçılarının marağına səbəb olub və fəal müzakirələrlə yadda qalıb.
Qeyd edək ki, BSC bu il ərzində davamlı olaraq ekoloji layihələrə imza atıb. Belə ki,«Nargis» Nəşriyyat Evi ilə birlikdə həyata keçirilən «Go Green» sosial məsuliyyət layihəsi çərçivəsində Dəniz Vağzalında oktyabrın 13-dən davam edən eko-sərgi ötən gün yekunlaşıb. Sərgi ətraf mühitin mühafizəsinə həsr olunmuşdu və incəsənət əsəri vasitəsi ilə müasir ekoloji problemləri ictimaiyyətə çatdırmaq məqsədini daşıyırdı.
Sərgilənən ekspozisiyalar bu il paytaxtın müxtəlif ərazilərində aparılan təmizlik işləri nəticəsində toplanan tullantılardan hazırlanmışdı. BSC-nin bu ilki installyasiyası Teymur Qəribovun müəllifi olduğu «Yaxşılığa ümid» (“Hope for the Best”) əsəridir. Öncəki illərdə də şirkətin dəstəyi ilə keçirilən «Planet Calling», «Reduce, Reuse, Recycle, Respect», «Make the Earth Smile» layihələrinin eko-sərgilərində sözügedən tərzdə ekspozisiyalar nümayiş olunmuşdu və hazırda onlar şirkətin inzibati binasının önünü bəzəyir. “Hope for the Best” ekspozisiyası da artıq digər əsərlərin yanında öz layiqli yerini tutur.
BSC, həmçinin 2023-cü ildə Nərimanov və Binəqədi rayonları, eləcə də Sumqayıt şəhər İcra Hakimiyyətlərinin təşkil etdikləri ağacəkmə aksiyalarında fəal iştirak edib.