"Azermirror" MMC ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal edəcək.
Sumqayıtda yeni zavodun açılışı oldu - İlham Əliyev iştirak etdi - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Prezidentin izi ilə müəssisəyə təşkil olunan mediatur çərçivəsində məlumat verilib.
Bildirilib ki, "Azermirror" MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. Şirkət sənaye parkının bir hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikib. Hazırda müəssisədə 30 nəfər daimi işlə təmin olunub. Zavodun illik istehsal gücü 900 min kvadratmetr güzgü vərəqəsi təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac üçün də nəzərdə tutulur.
Vurğulanıb ki, Çin texnologiyası əsasında qurulan layihənin ümumi investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisənin yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən "Azermirror" MMC-yə 1,5 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Sənaye parkının rezidenti kimi şirkət 600 min manat dəyərində vergi və gömrük güzəştlərindən də yararlanıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Azermirror" MMC-nin güzgü vərəqələrinin istehsalı zavodunun açılışında iştirak edib. (Report)










