"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka ayrılmış 200 hektar ərazinin bu günədək 105 hektarı (52%-i) minalardan təmizlənib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, Sənaye Parkının konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.
Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə ölkə prezidentinin 4 oktyabr tarixli fərmanı ilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb.