16 fevral tarixində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən ötən ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.
FED.az xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov aqroparklar haqqında danışıb.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq İZİA tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb. Bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.
Aqroparkların ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir. Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib.
O qeyd edib ki, indiyədək 14 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 131 milyon manat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16.1 milyon manat dəyərində güzəşt əldə edilib.
2023-cü ildə aqroparklar tərəfindən 96 milyon manatlıq məhsul satışı həyata keçirilib.