Noyabrın 21-də Qırğızıstanda tekstil, tikinti, aqrar, logistika və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.
Görüşdə iştirak edən Qırğızıstan şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanlarından danışıblar.
Eyni zamanda, şirkət nümayəndələri Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında mövcud əlverişli investisiya imkanlarından yararlanmaqla biznes layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.