Dövlət başçısının fərmanları ilə yaradılan Ağdam Sənaye Parkı və "Araz Vadisi İqtisadi Zonası'' Sənaye Parkında 1000 nəfərdən artıq şəxs daimi işlə təmin olunacaqlar.
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Rəvayət Mustafayev deyib ki, artıq sözügedən sənaye parklarında rezidentlərin rahat fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılır.
Ağdam Sənaye Parkında indiyədək 88 nəfərlik yataqxana, 36 nəfərlik yeməkxana, 2 market, tibb məntəqəsi, aptek, ödəniş məntəqəsi və bankomat istifadəyə verilib.
Parkda həmçinin sintetik xalça, dəmir-beton məmulatları, uniforma, xüsusi və fərdi geyimlər, dam örtükləri, havalandırma və yanğınsöndürmə avadanlıqları, eləcə də divar kağızları və süd məhsullarının istehsalı nəzərdə tutulur.
"Araz Vadisi İqtisadi Zonası'' Sənaye Parkında isə gigiyenik məhsullar, xüsusi təyinatlı texnikalar və metal məmulatlar istehsal ediləcək.
Parklarda sahibkarlar üçün əlverişli investisya mühiti yaradılıb. Burada rezidentlər qeydiyyata alındığı gündən 10 il müddətinə bir sıra imtiyazlar əldə edirlər, işçilərin isə sosial qayğısına qalınır.
Qeyd edək ki, Ağdam Sənaye Parkı üçün 190 hektar, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı üçün isə 200 hektarlıq ərazi ayrılıb. (Xezerxeber.az)