Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.
FED.az xəbər verir ki, 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün tədbirlər görülürb. Pambıqçılığın inkişafı ilə bağlı aparılan işlərin nəticəsidir ki, 2017-ci ildə pambıq istehsalı 2016-cı ilə nisbətən 2,3 dəfə artaraq 207,5 min tona çatıb. Hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir.
Prezident İlham Əliyev pambıq-poliester fabrikini işə saldı.
İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlətimizin başçısına və xanımına məlumat verdilər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.
Məlumat verildi ki, fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.
Daha sonra Prezident İlham Əliyev “Open End” üsulu ilə iplik istehsalı müəssisəsini işə saldı.
Bildirildi ki, “Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq. Bu, həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Parkda sənaye məhsulları istehsalı üzrə müxtəlif ixrac potensiallı və rentabelli fabrik və zavodların yaradılması istiqamətində araşdırmalar aparılır. Diqqətəlayiq haldır ki, müəssisələr layihələndirilərkən təkcə istehsal prosesi deyil, orada çalışanlar üçün yaradılan müxtəlif xidmət növlərinin təşkilinə də xüsusi önəm verilir.