Pirallahı Sənaye Parkının rezidentləri tərəfindən bu günədək ümumi dəyəri 76,3 milyon manatlıq məhsul istehsal edilib.
Rezidentlər indiyədək 567 milyon manat vəsaitə qənaət ediblər
İqtisadi Zonaların İnkişafı Agentliyindən FED.az-a bildirilib ki, 175,64 milyon manat investisiya portfeli, 76,3 milyon manatlıq istehsal və 500-dən çox yeni iş yeri potensialı olan Pirallahı Sənaye Parkı investorlar üçün yaradılan əlverişli biznes mühiti hesabına ölkədə müasir əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın genişlənməsinə mühüm töhfə verir.
Hazırda Sənaye Parkında 6 rezident fəaliyyət göstərir. Park üzrə ümumi investisiya portfeli 175,64 milyon manat təşkil edir. Bunun 98,23 milyon manatı artıq layihələrin icrasına yönəldilib.
Sənaye Parkında həyata keçirilən layihələr çərçivəsində müəssisələrdə 201 nəfər daimi işlə təmin olunub. Layihələrin tam icrası nəticəsində isə ümumilikdə 515 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Pirallahı Sənaye Parkı qeyri-neft sənayesinin inkişafı, əczaçılıq sahəsinin genişləndirilməsi və əhalinin dərman vasitələrinə tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.














