Pirallahı Sənaye Parkının birinci fazasının yaradılması başa çatıb. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev deyib.
FED.az xəbər verir ki, “Park iki hissədən ibarətdir: 20 ha və 10 ha. “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin müəssisəsinin bu gün baş tutmuş təməlqoyma mərasimindən sonra birinci faza çərçivəsində boş yer qalmayıb”, - deyə E.Nuriyev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda Sənaye Parkının 6 rezidenti var, cəlb olunmuş investisiyalar 115,2 milyon manat məbləğində qiymətləndirilir ki, bunun da 36,7 milyon manatı artıq yatırılıb, faktiki olaraq 128 iş yeri yaradılıb.
E.Nuriyev qeyd edib ki, Pirallahı Sənaye Parkı əczaçılıq müəssisələri üzrə ixtisaslaşır, Tibb Universitetinin əczaçılıq fakültəsi, eləcə də Səhiyyə Nazirliyi və tibb müəssisələri ilə sıx əməkdaşlıq edir.
Prezident İlham Əliyev 2016-cı il sentyabrın 14-də “Pirallahı Sənaye Parkının yaradılması haqqında” sərəncam imzalayıb. (İnterfaks-Azərbaycan)