Özəlləşdirilən müəssisələr yenidən qurulur, müasir texnologiya və avadanlıqlarla təchiz olunur, yeni iş yerləri yaradılır. Belə müəssisələrdən biri də 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Bakı ayaqqabı fabriki” ASC-dir.
“Bakı Ayaqqabı Fabriki”ni alan - ŞİRKƏTİN ADI AÇIQLANDI
FED.az xəbər verir ki, ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri icra edib, dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsait köçürüb, müəssisəyə 5,7 milyon manat məbləğində investisiya yatırıb.
İnvestisiya proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub və yeniləri quraşdırılıb, həmçinin ayaqqabı istehsalında istifadə olunan xammal alınıb.
Türkiyənin ayaqqabı istehsalı sahəsində ixtisaslaşmış “ESSE” şirkəti ilə əməkdaşlıq əlaqələri qurulub, xarici mütəxəssislər cəlb olunub.
Müəssisənin yenidən qurulması, istehsal olunan məhsulun həcminin və keyfiyyətinin yüksəldilməsi ixrac imkanlarının genişlənməsinə imkan verəcək.
Müəssisədə 100-dən artıq iş yeri yaradılıb.
Qeyd edək ki, “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC 2012-ci ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. 2 manat nizamnamə olan Şirkətin hüquqi ünvanı Tovuz rayonu Cilovdarlı kəndi, qanuni təmsilçisi (direktoru) Rüstəmov Fazil Əli oğludur.