İyulun 12-də İqtisadi Zonaların İnkişafı Agentliyinin və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Özbəkistanın "TST Textile Group” MMC-nin təsisçiləri ilə görüş keçirilib.
Laçında tekstil fabriki fəaliyyətə başlayacaq
Bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
"TST Textile Group” MMC tərəfindən 5826 hektarlıq ərazidə pambıq sahəsi salınacaq ki, bu da ölkəmizdə sözügedən sahənin inkişafında mühüm rol oynayacaq. İlkin mərhələdə pambıq sahəsinin yaradılmasına 28.7 milyon manat investisiya yatırılacaq.
Bundan başqa 2025-2029-ci illər ərzində şirkət tərəfindən pambıq emalı, iplik, toxuculuq və tikiş fabriklərinin, həmçinin pambıq yağı zavodunun qurulması nəzərdə tutulur.
Pambıq emalı və yağ zavodları İmişli rayonu ərazisində yerləşən 5826 ha torpaq sahəsində, iplik, toxuculuq və tikiş fabrikləri isə Mingəçevir Sənaye Parkının ərazisində yaradılacaq. Layihə çərçivəsində xammaldan son məhsul istehsalına kimi proseslər həyata keçiriləcək, bu da klasterləşmənin qurulmasına təkan verəcək.
Ümumi investisiya həcmi 92.5 milyon manat təşkil edən layihə çərçivəsində 1130 nəfərlik iş yerinin yaradılması planlaşdırılır. Layihənin həyata keçirilməsinə şəxsi vəsaitlə yanaşı, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu tərəfindən də vəsait ayrılması nəzərdə tutulur.
Beləliklə layihənin həyata keçirilməsi ölkədə pambıqçılıq sahəsində ilk dəfə olaraq özbəkistan təcrübəsi əsasında klasterləşmənin formalaşmasına gətirib çıxaracaq.
XXX
Özbəkistana məxsus “Tukımachı Sanoat Tekstıl” MMC Azərbaycanda yaradacağı 5 müəssisənin hesabına 10 il ərzində (2025-2034-cü illərdə) 648 milyon manat satış gəlirləri, 222 milyon manat isə vergiyəqədərki mənfəət əldə edəcəyini proqnozlaşdırır.
Bunu şirkətin təsisçilərindən biri Abduvoris Yuldaşov bildirib.
"İnvestisiyanın geri qayıtması müddəti 5,5 ildir. Layihədə xalis mənfəət marjası 34 % təşkil edir. Bu layihənin hesabına regionlarda məşğulluq təmin ediləcək, əlava dəyər yükü olan iplik, qumaş, tikiş məhsulları ixrac olunacaq", - deyə o qeyd edib.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev isə qeyd edib ki, bu məsələ uzun müddət müzakirə olunub: "Bu gün real nəticə görürük".
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov isə bildirib ki, Azərbaycan Özbəkistan şirkətinə hər cür dəstək göstərməyə hazırdır.