Oktyabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında açılışı olan müəssisələr tərəfindən Sənaye Parkına 100 milyon manatdan artıq investisiya yatırılıb, 600-dək iş yeri yaradılıb.
Prezident Sumqayıtda bir sıra müəssisələrin açılışında - İŞTİRAK EDİB - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki, jurnalistlər bu gün İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafi Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni fəaliyyətə başlayan istehsal müəssisələrində olublar.
KİV nümayəndələrinə Sumqayıt Kimya Sənaye Parkının ümumi fəaliyyəti, görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Parkda ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyət göstərir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 34,7 faizi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 (32,1 faiz) milyon manatlıq hissəsi ixrac olunub.
Sumqayıt Kimya Sənaye Parkında hazırda 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə, mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, açılışı olan 3 müəssisə (“UPI - Universal Packing İndustry” QSC, “Azərbaycan Vanhong Ceramics Co.” MMC və “Novus Plastica” MMC) tərəfindən Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 100 milyon manatdan artıq investisiya yatırılıb, 600-ə yaxın daimi iş yeri yaradılıb.
Təməli qoyulmuş 2 müəssisə (“Çinar-Servis” İKF və “Kartaş Kimya” MMC) tərəfindən isə Sumqayıt Kimya Sənaye Parkına, ümumilikdə, 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.
Media mənsubları Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin keramik plitələr istehsalı müəssisəsində olublar. Diqqətə çatdırılıb ki, Sənaye Parkının 20 hektardan çox ərazisində inşa edilmiş müəssisənin ümumi investisiya dəyəri 85 milyon manatdan çoxdur. Müəssisədə 484 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 18 milyon m2 olan zavodda müxtəlif ölçülərdə keramik plitələr (kafel, metlax) istehsal edilir.
“UPI - Universal Packing İndustry” MMC-nin qablaşdırma məhsullarının (qofro karton, fayl və s.) istehsalı müəssisəsində KİV nümayəndələrinə məlumat verilib ki, ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıq olan zavodda 20 çeşiddə məhsul istehsal olunur. Müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur.
Daha sonra “Novus Plastica” MMC-nin polimer qatqıların istehsalı müəssisəsində olan media nümayəndələrinin diqqətinə çatıdırılıb ki, zavod Sənaye Parkının 3,5 hektar ərazisində inşa edilib və burada iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.
Media nümayəndələri, həmçinin Sumqayıt Kimya Sənaye Parkının digər rezidentlərinin də layihələri barədə məlumatlandırılıblar. (Trend)