"MICON INTERNATIONAL” məsləhətçi şirkətinin ilkin hesablamalarına görə, “Ortakənd” yatağında 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur.
"Satılabilən ümumi qızıl ehtiyatı 778 min unsiyaya çatdırılıb"
FED.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov yanvarın 30-da ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Sədr ötən il həyata keçirilən geoloji tədqiqatların bəzi nəticələri barədə məlumat verib.
Belə ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Göydağ” sahəsinin “Ortakənd” qızıl yatağında ilkin nəticələr olduqca müsbətdir. Burada əldə olunan kəşfiyyat nəticələri əsasında beynəlxalq nüfuzlu “MICON INTERNATIONAL” məsləhətçi şirkətinin ilkin hesablamalarına görə, yataqda 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur. Növbəti mərhələdə yataq üzrə ehtiyatların satılabilən, yəni iqtisadi səmərə ilə hasil ediləbilən miqdarı müəyyənləşdiriləcək. Tədqiqatların yekun nəticəsi müsbət olarsa, yaxın gələcəkdə yataqda açıq üsulla hasilat prosesinin aparılması nəzərdə tutulub. “Göydağ” sahəsində yerləşən digər yataq - “Göydağ” mis-porfir yatağında da ehtiyatların qiymətləndirilməsi üçün aparılan araşdırmaların ilkin nəticələri müsbətdir. Tədqiqatlar davam etdirilir.
Balakən rayonunda yerləşən və Səhmdar Cəmiyyətin ən irihəcmli, geoloji strukturuna görə ən mürəkkəb layihələrindən biri olan “Filizçay” polimetal yatağı ilə bağlı metallurji tədqiqatlar davam etdirilib. “Filizçay”ın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi olan JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq hesablanıb. Hesablamanın nəticəsi olaraq, 1983-cü ildə SSRİ dövründə dövlət balansına daxil edilmiş nəticələrlə müqayisədə 20% artım qeydə alınıb. Nəticədə “Filizçay” üzrə yerin təkindəki filiz resurslarının hesablanmış miqdarının 112.71 milyon ton olması təsdiqlənib.
Bununla geoloji tədqiqatlar yekunlaşdırılıb. Qeyd edim ki, “Filizçay” öz xüsusiyyətlərinə görə unikaldır və optimal və kompleks metodoloji yanaşma tələb edir. Hazırda yataqda mövcud olan sink, qurğuşun, mis, gümüş kimi əlvan metalların bir-birindən ayrılması və iqtisadi cəhətdən ən səmərəli formada, maksimal çıxım faizi ilə emal edilməsi imkanları araşdırılır. Proses yerli və xarici metallurqlarla birgə davam etdirilir.
"Daşkəsən, Göygöl, Goranboy, Kəlbəcər və Laçın rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasında geoloji tədqiqat sahələrimizi genişləndirmişik. Bu xüsusda qısa zamanda daha böyük ərazilərdə ilkin tədqiqat nəticələri əldə etmək üçün innovativ texnologiyaların geniş tətbiqinə başlayırıq. Bu da növbəti mərhələlərdə daha çox vəsait tələb edən buruqqazma işlərinin coğrafiyasını kiçildir. Belə ki, 2024-cü ildə tədqiqat işlərində qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri, eləcə də helikopter və dronlar vasitəsilə aeroelektromaqnetik tədqiqatlar aparılacaq. Bu tədqiqat metodları yer səthində axtarış-qiymətləndirmə işlərinin növbəti mərhələsi üzrə (buruqqazma, laborator analiz) perspektivli tədqiqat sahələrinin daha qısa zamanda müəyyənləşdirilməsinə imkan verəcək" - deyə "Azergold"un sədri əlavə edib