“Norm” ASC 20 oktyabr tarixindən etibarən işğaldan azad edilmiş Qarabağ ərazilərinin bərpası ilə əlaqədar keçirilən 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin iştirakçısıdır.
ASC-dən FED.az-a verilən məlumata gör, sərgiyə müxtəlif sənaye müəssisələri, o cümlədən tikinti materialları, inşaat, yol tikintisi və inftrastruktur sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər cəlb olunub.
Norm Sement inşaatda beton texnologiyalarının tətbiqi, beton yolların üstünlükləri, yerli tikinti bazarının inkişafı, tikintidə səmərəliliyin artırılması və yerli tikinti materialları sektorunun gücləndirilməsi üçün vacib olan tələblər haqda ətraflı məlumatı özündə əks etdirən stendlə təmsil olunur.
Stenddə sənaye parklarında, tədris və kənd təsərrüfatı müəssisələrində, istehsal sahələrində, kütləvi turizm obyektlərində, o cümlədən seyrangahların inşasında tətbiq edilən dəmir-beton konstruksiyalar, onların vaxta və vəsaitə qənaət, ətraf mühitə minimum təsiri baxımından üstünlükləri vurğulanır. Burada həmçinin eynitipli, orta və azmərtəbəli yaşayış binalarının inşasında, sürətli və planlı şəhərsalma fəaliyyətində, mürəkkəb relyefli ərazilərdən keçidi asanlaşdıran tunel, körpü və viadukların inşasında yığma dəmir-betondan istifadə imkanları təbliğ olunur.
Sərgidə iştirak Qarabağda müasir infrastruktur obyektlərinin tikintisinə dəstək məqsədilə mövcud və potensial müştərilərlə qarşılaşmaq, onların istək və gözləntilərini müəyyənləşdirmək baxımından vacib rol oynayır. Sərginin 22 oktyabr tarixinədək davam etməsi planlaşdırılıb.
Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement zavodu gündə 5300 ton klinker, ildə isə 2.1 milyon sement istehsal gücünə malikdir. “Norm" ASC regionda ilk dəfə Amerika Neft İnstitutu (API) tərəfindən sertifikat əldə etmişdir. Bu sertifikat sayəsində şirkət yerli və xarici bazarlara ən yüksək standartlara uyğun quyu-tamponaj sementini təqdim etməkdədir.