“Norm” ASC Qarabağ Dirçəliş Fondu tərəfindən 7 oktyabr tarixində QDF-in 2021-ci il üzrə əsas fəaliyyət istiqamətlərini və əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə təşkil edilən görüşdə iştirak edib.
ASC-dən FED.az-a verilən məlumata görə, tədbir Fondun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər dövlət rəsmilərinin iştirakı ilə baş tutub. Görüşdə Norm şirkəti rəhbərlik səviyyəsində təmsil olunub.
İşğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin həyata keçirilməsi və əhalinin geri qayıdışı üçün müasir həyatın təmin edilməsi məqsədilə Norm Sement-in Qarabağ Dirçəliş Fonduna maddi dəstəyi qurum tərəfindən yüksək qiymətləndirilib və fondun rəhbərliyi tərəfindən “Norm” ASC-nin Baş İcraçı direktoru Henning Sasseyə “Qızıl” ianə sertifikatı təqdim edilib.
Qeyd edək ki, ölkəmizin abadlaşdırılması, əhalinin maddi rifahının yüksəldilməsinə daim öz töhfələrini verən “Norm” ASC cari ilin əvvəlində Qarabağ Dirçəliş Fonduna 600 min manat məbləğində vəsait köçürmüşdür. Norm şirkətinin daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən fonda ümumilikdə ianə edilmiş məbləğ isə 2 milyon manat təşkil edib.
Korporativ Sosial Məsuliyyət öhdəliyi Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm ASC-nin fəaliyyətinin əsas prinsiplərindən biridir.