İyulun 19-da “Norm” ASC-nin təşkilatçılığı ilə media nümayəndələri üçün Milli Mətbuat Gününə həsr edilmiş tədbir keçirilib. Müxtəlif media qurumları və yerli televiziya kanallarını təmsil edən 80-ə yaxın media nümayəndəsi tədbirdə iştirak edib.
FED.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan şirkət rəsmiləri Milli Mətbuat Günü münasibətilə onları təbrik edib və xoş arzularını dilə gətiriblər. Çıxışlar zamanı “Norm” ASC ilə media qurumlarının münasibətlərinə xüsusi diqqət yetirilib, mətbuat dostu olan şirkət üçün ictimai rəyin vacib olduğu vurğulanıb, media ilə gələcək əməkdaşlıq perspektivlərindən danışılıb.
Daha sonra qonaqlar üçün Norm Sement zavodunun fəaliyyətinə, şirkətin uğurlarına, yeni layihələrinə dair videoçarxlar nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində təqdimatları maraqla izləyən media nümayəndələri üçün bədii hissədə musiqili proqram müşayiəti ilə ziyafət verilib.
Qeyd edək ki, “Norm” ASC media və ictimai maraqlı tərəflərlə münasibətlərə böyük əhəmiyyət nümayiş etdirir və bu münasibətlərin gələcəkdə daha da möhkəmləndirilməsi üçün səy göstərir.