«NEFTMAŞTƏMİR» ASC-nin 2021-ci il üzrə hesabatı açıqlanıb.
“Neftmaştəmir”in müşahidə şurasının üzvlərinin fəaliyyətinə - XİTAM VERİLİR
FED.az sənədə istinadən xəbər verir ki, 2021-ci il ərzində şirkətin əsas əməliyyat gəlirləri 812 min manat olub. 2020-ci illə müqayisədə gəlirlər təqribən 50% artıb. Amma şirkətin xərcləri də 2020-ci illə müqayisədə 55% artaraq 892 min manata yüksəlib.
Xatırladaq ki, 2020-ci ildə «NEFTMAŞTƏMİR» ASC-nin əməliyyat gəlirləri 543 min manat, əməliyyat xərcləri isə 573 min manat olmuşdu.
Nəticədə müəssisə 2021-ci ili 80 min manat əməliyyat zərəri ilə başa vurub.
Bu dövrdə «NEFTMAŞTƏMİR» ASC-nin sair əməliyyat gəlirləri 24 min manat, sair əməliyyat xərcləri isə 14 min manat olub.
Nəticədə müəssisənin vergidən əvvəlki zərəri 63 min manat olub. Xalis zərər də bu həcmdə olub.
Xatırladaq ki, «NEFTMAŞTƏMİR» ASC 2020-ci ili 23 min manat xalis zərərlə bağlamışdı, bu hesabla müəssisənin xalis zərəri 3 dəfə artıb.
2021-ci ilin nəticələrinə görə, müəssisənin cəmi aktialəri dəyişməyib və 2 milyon 114 min manat həcmində olub.
Bunun böyük hissəsi – 1 milyon 961 min manatlıq hissəsi qısamüddətli aktivlərin – pul vəsaitləri, debitor borcların və ehtiyatların payına düşür. «NEFTMAŞTƏMİR» ASC-nin uzunmüddətli aktivləri isə cəmi 153 min manatdır – torpaq, tikinti və əmlakı ümumilikdə bu həddədir. 2020-ci ilin yekununda da vəziyyət təqribən belə olub.
Əvəzində müəssisənin öhdəlikləri 2 milyon 665 min manatı keçib.
Nəticədə müəssisənin cəmi kapitalı mənfiyə enib – 2020-ci ilin yekununda cəmi kapital mənfi 487 min manat olduğu halda, onun üzərinə builki 63 min manatlıq zərər də əlavə edilib və mənfi kapital 550 min manata yüksəlib.
Ümumilikdə müəssisənin 1,66 milyon manatlıq yığılmış zərəri var.