Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən və «Khazar» avtomobillərinin isteşsalı ilə məşğul olan «Azərmaş» Avtomobil Zavodu fəaliyyətini dayandırıb.
Eləcə də bax: Azərbaycanlı iş adamı: “ABŞ-a mebel ixracını dayandırmalı olduq”
Bu barədə FED.az-a «Azərmaş» ASC-nin İdarə heyətinin sədri Emin Axundov məlumat verib.
O bildirib ki, koronavirusla əlaqədar karantin rejimi elan olunandan sonra zavodun istehsalı dayanıb:
«İstehsalın dayanmasına baxmayaraq, zavodda bir işçi də ixtisar etməmişik, hamısını saxlayırıq. Zavoda dəymiş ümumi zərəri hələ ki, hesablamaq mümkün deyil. Gərək pandemiya dövrü bitsin ki, zərəri hesablayaq. İndi biz o zərəri saymırıq, çünki müddət başa çatmayana qədər bilinməyəcək».
Sədr istehsal müddətində olan avtomobillərin satışının da olmadığın qeyd edib: «Karantinlə əlaqədar demək olar ki, satışlar dayanıb. Karantin müddətindən əvvəl satışlar əla idi».
Məlumat üçün qeyd edək ki, bir qədər əvvəl Nazirlər Kabinetinin qərarı ilə xaricdən alınan avtomobil ehtiyat hissələri üzrə idxal gömrük rüsum dərəcələri ləğv edildi. Bu da maşınların bir az ucuzlaşmasına şərait yaradan bir addım idi.
Qərardan sonra maşınların qiymətinin azalmasına gəlincə, Emin Axundov sözügedən qərarın mart ayında qanuni qüvvəyə mindiyinə diqqət çəkib: «Qərarın icrası karantin dövrünə düşdü. Buna görə də zavod həmin qərarın faydasını görmədi. Pandemiya bitəndən sonra bu qərardan yararlana biləcəyik. Bu barədə danışmaq hələ tezdir. Qərarın qiymətə təsiri satışlar başlayandan sonra hiss olunacaq».
Emin Axundov Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı QAZ avtomobillərinin istehsalı zavodundakı işlərdən də danışıb: «Bu zavodda tikinti işləri tamamlanmaq üzrə idi. Məlum karantin rejimi ilə əlaqədar olaraq işlər dayandırılıb. Tamamlama işlərini karantin bitindən sonra yenidən bərpa edəcəyik. Zavod bu il fəaliyyətə mütləq başlayacaq».