Balıqartırma zavodlarının özəlləşdirilməsinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır.
Azərbaycanda dövlətə məxsus iki nərə balıq artırma zavodu - LƏĞV OLUNUR
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Deputat qeyd edib ki, hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsulların özünü təminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyil: “Ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb. Dünya üzrə isə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir . Son 15 il ərzində ölkədə ovlanmış və yetişdirilmiş balıq istehsalı 5 dəfəyədək artsa da, hələ də ölkədə istehlak olunan balıq məhsullarının ümumi həcminin cəmi 1%-ni təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 2000-ci ildə 12 ədəd balıqartırma müəssisəsi olub, 2020-ci ildə isə 7 ədəd olmuşdur ki, hazırda bu müəssisələrdən 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2 144 135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb ki, bu da 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır. Həmçinin, əvvəlki illərdə olduğu kimi istehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının özəlləşdirmə prosesinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır. Akvakultura sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün, bu sahəyə diqqət ayrılmasına, investorların cəlb edilməsi üçün şərait yaradılmasına, təsərrüfatlarda müasir və effektiv texnologiyaların tətbiqinə ehtiyac var. (Apa)