“Kibrit Tech” MMC-nin “İqlime” layihəsinə Mingəçevir Yüksək Texnologiyalar Parkında rezident statusu verilib.
Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “İqlime” şirkəti əsasən kənd təsərrüfatı sahəsində örtülü torpaqların, istixanaların temperaturunu və rütubətini ölçən və nəzarət edən cihaz istehsal edir.
FED.az xəbər verir ki, layihənin əsas məqsədi ölkənin kənd təsərrüfatının texniki inkişafına xidmət etmək, kənd təsərrüfatı məhsullarının istehsal həcmininin artırılmasına təkan vermək və istixana sahiblərinin işini asanlaşdırmaqdır.
Rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcək.
Həmçinin, texnologiya parklarının rezidentləri - texnologiya parklarının qeydiyyat şəhadətnaməsini alan və orada fəaliyyət göstərən sahibkarlar Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yaralana biləcəklər.
Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.