Azərbaycanın iri armatur istehsalçılarından biri olan «EL METAL PLUS» QSC 2022-ci ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, «EL METAL PLUS» armatur istehsalçısıdır, metal qırıntılarından armatur buraxır. 2022-ci ildə şirkətin satışları 57,3 milyon manatlıq məhsul satıb.
Satışın maya dəyəri isə 49,2 milyon manat olub.
Nəticədə «EL METAL PLUS»un ümumi mənfəəti 8,1 milyon manat olub. Şirkət inzibati xərclərə 2,5 milyon manat, digər xərclərə 811 min manat, maliyyə xərclərinə isə 1 milyon 33 min manat xərcləyib.
390 min manat da mənfəət vergisi ödəyəndən sonra «EL METAL PLUS» QSC-nin xalis mənfəəti 3 milyon 505 min manat olub.
Bu qazanc səviyyəsi «EL METAL PLUS» üçün yenilik deyil. Şirkət 2021-ci ildə daha çox gəlir əldə etmişdi, baxmayaraq ki, əvvəlki il satışlar daha az olmuşdu.
Belə ki, 2021-c ildə «EL METAL PLUS»
40 milyon manatlıq satış etmişdi, satışın maya dəyəri isə 33 milyon manat olmuşdu. Nəticədə şirkətin ümumi mənfəəti 6,7 milyon manat təşkil edib.
Amma 2021-ci ildə şirkətin xərclərinin daha az olması səbəbindən «EL METAL PLUS» ili 4,3 milyon manat xalis mənfətlə bağlamışdı.
Şirkətin aktivlərinin cəmi 18,7 milyon manatdır. Bunun təqribən 11 milyon manatı tikili, torpaq və avadanlıqlar, 7,7 milyon manat isə qısamüddətli aktivlər, yəni pul və sair aktivlərdir.
Maraqlıdır ki, «EL METAL PLUS»un son iki ildə nümayiş etdirdiyi xalis mənfəət səviyyəsi hətta ölkə bankları və sığorta şirkətləri üçün də yüksək sayıla bilər. Belə ki, 2022-ci ilin nəticələrinə görə, ölkədəki bankların bir hissəsinin, sığorta şirkətlərinin isə əksəriyyətinin xalis mənfəəti «EL METAL PLUS»un mənfəətindən daha azdır. Baxmayaraq ki, bankların aktivləri armatur şirkətindən azı 10 dəfə, ortalama isə 30-40 dəfə artıqdır.
Bu vəziyyət istehsal sektorunda gəlirliyin daha yüksək olduğunun növbəti göstəricisidir. Qeyd edək ki, “EL METAL PLUS” QSC polad istehsalı zavodu 2016-ci ildən fəaliyyət göstərir. Zavodda metal qırıntılarından polad istehsal edilərək yarımfabrikatlar (pəstahlar) və tikinti armaturu istehsal olunur.
“EL METAL PLUS” QSC polad istehsalı zavodu polad əritmə sexi, çeşidli yayma armatur sexi, mexaniki təmir sexi, metal qırıntılarının emalı sahəsi və müasir yarımstansiya sahələrindən ibarətdir. Zavodun istehsal gücü ayda 7000-10000 ton, illik 84000–120000 ton təşkil edir.
“EL METAL PLUS” QSC Türkiyə, Gürcüstan, Ukrayna, İtaliya, Rusiya, Latviya, Litva, Estoniya və bir sıra Avropa ölkələrindən olan şirkətlərlə sıx əməkdaşlıq edir. Bir sıra aparıcı yerli şirkətlər zavodun daimi müştərilərindəndir.