“Qiymətli məhsulların daxili bazarda pərakəndə satışı üzrə layihənin əsas məqsədi milli-mədəni irsimizin təbliği olsa da, məhsullarımız eyni zamanda sərfəli yatırım aləti kimi də böyük marağa səbəb olub. Yerli qızıl və gümüşdən hazırlanan sikkə və külçələrin pərakəndə bazarda özünü kifayət qədər doğrultması Səhmdar Cəmiyyət üçün zamanla əlavə gəlir mənbəyi formalaşdırıb və 2021-ci ildə ilk Satış və mübadilə mərkəzinin yaradılmasına zəmin yaradıb”.
FED.az xəbər verir ki, bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İçərişəhərdə Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində çıxış edərkən deyib.
İdarə Heyətinin sədri bildirib ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə milli zərgərlik bazarının inkişafı istiqamətində həyata keçirilən islahatlara əlavə dəstək məqsədilə yaradılan Satış və mübadilə mərkəzinndə qiymətli məhsulların satışı, qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi təmin edilir, beləcə yerli bazarın tələbatının keyfiyyətli şəkildə ödənilməsi istiqamətindəki fəaliyyətimizə mühüm töhfə verilir”.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır.
Müxtəlif çəkilərdə, ən yüksək – 999.9 əyarda hazırlanan qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.