Əmlak Məsələləri Dövlət Xidməti ölkənin daha bir iri istehsal müəssisəsi olan “Gəncə-Qənnadı” ASC-nin dövlətə məxsus 30%-lik səhminin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub.
"Biləsuvar Broyler"in səhmlərinin 30 %-i özəlləşdirilib - SİYAHI
FED.az xəbər verir ki, müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən fiziki şəxs Abdullayev Mahir Abdulla oğlu investisiya müsabiqəsinin qalibi elan olunub.
Müsabiqənin qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, Mahir Abdullayev ümumilikdə 900 min manat yatıracaq. Belə ki, əvvəla, o dövlət büdcəsinə 450 min manat vəsait köçürməli və əlavə olaraq 1 il ərzində müəssisədə 450 min manat həcmində İnvestisiya yatırmalıdır.
Yatırım çərçivəsində müəssisədə vafli bişirən soba, müxtəlif növ konfetlərin istehsalı üzrə avtomatik xəttin və onların bükülməsi üçün maşınların alınıb quraşdırılması, müəssisənin dam örtüyü və laboratoriyasının təmir olunması, yeni avadanlıqların alınması planlaşdırılır.
Fabrikin yeni sahibi tərəfindən investisiya qoyuluşları nəticəsində burada azı 15 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, “Gəncə Qənnadı” ASC keçmiş Dövlət Əmlak Komitəsinin 29 iyul 1998-ci il tarixli 981 nömrəli sərəncamı ilə “Azəryeyintisənaye” Dövlət Şirkətinin Gəncə Qənnadı fabrikinin bazasında yaradılıb, həmin ildə müəssisənin səhmlərinin 70 faizədək hissəsi əmək kollektivi üzvlərinə güzəştli satış və ixtisaslaşdırılmış çek hərracları vasitəsilə özəlləşdirilib.