Bu gün Bakıda qum-çınqıl istehsalçılarının iştirakı ilə biznes-forum keçirilir.
FED.az xəbər verir ki, tədbiri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təşkil edib.
Biznes forumda çıxış edən agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, tədbir qum-çınqıl istehsalı sektorunda vəziyyəti öyrənmək, mövcud çətinlikləri müəyyən etmək baxımından əhəmiyyətlidir.
“Azərbaycanda qum-çınqıl hasilatı sahəsində qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri var. Bu, isə rəqabətin qarşısını alır, qanunlara uyğun fəaliyyət göstərənlərin işini çətinləşdirir”, - deyə o, qeyd edib.
Bundan başqa, Orxan Məmmədovun sözlərinə görə, müvafiq qurumların ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tənzimləyici tədbirlər, bu sektorla bağlı olan və yerli xammala əsaslanan tikinti materiallarının istehsalı, eləcə də işğaldan azad edilən ərazilərdə tikinti sektorunda olan potensial canlanma qum-çınqılın qiymətində artıma səbəb olub. (Report)