Norm Ustalar Klubu layihəsi çərçivəsində təşkil olunan müsahibələrdə budəfəki həmsöhbətimiz də müharibə veteranıdır. I Qarabağ döyüşlərinin iştirakçısı olan Fuad Babayev Şirvan şəhərindən kluba üzvdür. 1974-cü ilin fevral ayında Yardımlı rayonunda anadan olsa da, sonradan Şirvanda məskunlaşıb.
1991-ci ildə orta məktəbi bitirdikdən sonra F.Babayev ali təhsil alıb. Maliyyə-kredit ixtisası üzrə ali təhsilini başa vurduqdan sonra isə əsgərliyə yollanıb. Əsgərlik illəri I Qarabağ müharibəsi dövrünə təsadüf edib. Ağdərə döyüşlərində iştirak edib: “Əsgərlikdən gələndən sonra iş tapmaqda çətinlik çəkdim. O vaxtlar müharibədən sonrakı dövr olduğu üçün işsizlik ciddi problem idi. Mən də başladım tikinti sahəsində işləməyə. Bir müddət işləyəndən sonra Şirvan Rayon İcra Hakimiyyətində abadlıq işləri üzrə icraçı vəzifəsinə gəldim. 12 il burada çalışdıqdan sonra “Azərsu” ASC-nin nəzdindəki Məhdud Məsuliyyətli Cəmiyyətdə işləməyə başladım. Hazırda da həmin MMC-də işləyirəm, lakin müvəqqəti olaraq iş yoxdur”.
Fuad usta tikintidə bütün işləri bacarır, əlavə olaraq santexnikliyi də bilir: “Norm Ustalar Klubu ilə ilk dəfə tanış olanda Şirvan İcra Hakimiyyətinin nəzdində açılmış tikinti idarəsinə rəhbərlik edirdim. Orda bizim ustalarımız çox idi. Elə ordan əlaqələrimiz yarandı”.
Həmsöhbətimizin sözlərinə görə, hazırda pandemiya səbəbindən tikintidə iş azalıb: “Sözün düzü sementin qiyməti ilə bağlı bir az anlaşılmazlıq var. Hərə bir qiymət deyir, 7 manat civarında dəyişir. Bahalaşma işlərə öz təsirini göstərib.”.
Fuad ustanın 3 övladı var: 2 oğlan, 1 qız. Böyük oğlu hərbi xidmətini başa vurub, kiçik oğlu özü kimi maliyyə-kredit ixtisası, qızı isə məktəbəqədər təhsil üzrə ali təhsil alıb. Amma övladlarının heç biri işləmir: “Böyük oğlum dəmirçi peşəsinə yiyələnib, kiçik oğlumun ali təhsili olsa da, rəngsaz işini öyrənib və o sahədə çalışır”.
Həmsöhbətimiz Yardımlıdan Şirvana köçməsinin səbəbini vaxtilə həmin rayonda yaşanan qaz, su problemi ilə əlaqələndirdi.
Şuşadan Füzuliyə yeni çəkilən yolun inşasında iştirak edənlər Fuad ustanın dostlarıdır. Oğlu da hazırda orda işləyir. Özünə də dəvət gəlib, iş başlayanda gedəcəyini bildirir. Deyir ki, oralarda işləmək həm də şərəf, namus məsələsidir.
Qeyd edək ki, Fuad usta Norm Ustalar Klubunun üzvüdür. Norm Ustalar Klubu “Norm” şirkəti tərəfindən 2016-cı ildə inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə yaradılıb.