İran ilə Azərbaycan minik avtomobil, avtobus və traktor istehsalı sahəsində birgə əməkdaşlıq etmək niyyətindədir.
FED.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabından xəbər paylaşıb:
“Azərbaycan Prezidentinin “İran Khodro” ilə “Azərmaş”ın müştərək layihəsi olan “Khazar” ilə bağlı sərəncamından sonra iki qonşu müsəlman ölkənin yaxın gündəmində habelə avtobus və traktor istehsalı da var”.
Bununla yanaşı, İran Ticarət Sənaye Mədənlər və Kənd Təsərrüfatı Palatası (ICCIMA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərləri arasında bu günlərdəki görüşdə nitq söyləyən diplomat iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini dilə gətirərək hər iki tərəfin münasibətləri genişləndirmək əzmində olduğunu vurğulayıb.
Azərbaycanın 20 % torpaqlarının artıq işğaldan azad olunduğunu xatırladan səfir İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığını da eynilə 20 % artırmağa çağırıb: “Azərbaycan İran şirkətlərini, özəl sektorunu qəbul etməyə hazırdır”.
Xatırladaq ki, mart ayının əvvəlində İran sənaye, mədənlər, ticarət naziri Əlirza Rəzm Hüseyni də Ərdəbil əyalətində Azərbaycanla müştərək sənaye parkı yaratmağa hazır olduqlarını da bildirmişdi