Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə anlaşma memorandumu imzalayır.
İlham Əliyev Türkiyə və Türkmənistan şirkətlərini Ələt Azad İqtisadi Zonasına - DƏVƏT EDİB
FED.az xəbər verir ki, Memoranduma əsasən, fəaliyyətini Azad Zonada aparmağa maraqlı olan şirkətlərə məsləhətçi və layihələrin ilkin mərhələdə inkişafı üzrə dəstəkləyici çərçivə qurulacaq. IFC, Avstriyanın Federal Maliyyə Nazirliyi ilə tərəfdaşlıqda və AFEZ səlahiyyətli qurumu ilə birgə Azad Zonanın rezidentləri üçün dəstək və məsləhət xidmətləri təqdim edəcək. Məqsəd Azərbaycanın “xalis sıfır” karbon mühitə keçidini və iqlim dəyişməsinə dayanıqlı inkişafını təmin edəcək şirkətlərə müvafiq investisiya layihələrini müəyyən edib və işlənib hazırlamasında kömək etməkdir.
“Ələt Azad İqtisadi Zonası investorlar üçün unikal bir mühit yaradaraq, Azərbaycanda müasir enerji, nəqliyyat və logistika infrastrukturu ilə səciyyələnən bilik əsaslı, rəqabətli iqtisadiyyat qurmaq səylərinin mərkəzindədir. IFC ilə əməkdaşlığımız bizə, ən qabaqcıl beynəlxalq standartlara əməl edərək bu məqsədə nail olmağa kömək edəcək”, – Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun sədri Valeh Ələsgərov söylədi.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və nəqliyyat dəhlizlərinə yaxın yerləşən Ələt Azad İqtisadi Zonasında Azərbaycan hökuməti müstəqil hüquqi və tənzimləyici çərçivə yaradır, vergi və qeyri-fiskal güzəştlər təqdim edir və müvafiq infrastruktur qurur ki, Azad Zonaya ixracyönümlü, yüksək əlavə dəyərə malik və sənaye fəaliyyətlərini cəlb etsin və inkişaf etdirsin.
“Son onilliklərdə Azərbaycanın iqtisadi artımının lokomotivi əsasən neft-qaz sektoru olmuşdur. Lakin regionun geosiyasi durumunda və enerji sistemlərinin inkişafında köklü dəyişikliklər, eləcə də hökumətin uzunmüddətli strateji iqtisadi islahat planları ölkə iqtisadiyyatının şaxələndirilməsini şərtləndirirlər,– deyərək IFC-nin Avropa üzrə regional direktoru Rəna Karadşeh qeyd etdi. – AFEZ ilə tərəfdaşlıq bu prosesi dəstəkləmək səylərimizin tərkib hissəsidir, çünki iqtisadiyyatın diversifikasiyası ölkənin qlobal rəqabətə davamlılığını və Azərbaycanlıların gələcək nəsillərinin firavan yaşamasını təmin edcəcək.”
Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon ABŞ dollarına yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində yatırımlar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımını hədəfləyən ən iri inkişaf təşkilatıdır.