Fəaliyyətə başladığımız gündən indiyədək daxili bazarda 700 min ədəd birdəfəlik stəkan satmışıq. Məhsullarımızı qonşu ölkələrə - Türkiyə, Gürcüstan və İran bazarlarına çıxarmaq üçün də araşdırma aparılır.
FED.az xəbər verir ki, bunu Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Sun Rise Production” Məhdud Məsuliyyətli Cəmiyyətinin birdəfəlik kağız stəkan istehsalı müəssisəsinin mexaniki Kənan Cəfərov deyib.
Eləcə də bax: "Kolbasa biznesi əvvəlki kimi gəlirli deyil" - MÜSAHİBƏ
Kənan Cəfərov qeyd edib ki, müəssisədə Avropa istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. “Polietilen tərkibli birdəfəlik stəkanlarla yanaşı, müəssisəmizdə içində quru kofe və çay olan stəkanlar da istehsal edilir. Hazırda burada 6 nəfər işləyir. Gələcəkdə istehsal prosesi genişləndikdə işçilərin sayı da artacaq”, - deyə müəssisəsinin mexaniki əlavə edib.
Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsində “Sun Rise Production” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi də verilib. Bu isə təqribən 84 min manata qənaət etməyə imkan yaradır. MMC-nin hədəfi məhsullarını təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də tanıtdırmaqdır.
Neftçala Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin iştirakı ilə 2017-ci il sentyabrın 24-də açılıb. Burada 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.