Bu günə qədər Azərbaycandakı sənaye parklarının rezidentləri 460 milyon manatdan çox vəsaitə qənaət ediblər.
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Belə ki, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergiləri, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
"İZİA-nın idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 460 milyon manatdan çox vəsaitə qənaət ediblər." -deyə Seymur Adıgözəlov bildirib.