Heydər Əliyev Fondunun və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) növbəti birgə irimiqyaslı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Daşkəsən rayonunun “Çovdar” yatağının yaxınlığında, dağətəyi Quşçu qəsəbəsində yerləşən Səlmixan İsgəndərov adına tam orta məktəbin yeni inşa edilmiş modul tipli binası istifadəyə verilib.
FED.az xəbər verir ki, yeni tədris ilində təşkil edilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Elmir Cəfərov, məktəbin direktoru Elmira Cəlilova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbirdə 2022-2023-cü tədris ilinin başlanması münasibətilə dövlət himni səsləndirilib. Daha sonra 13-14 sentyabr tarixlərində baş verən növbəti düşmən təxribatlarının qarşısını alarkən şəhid olmuş hərbçilərin, eləcə də ölkəmizin müdafiəsi uğrunda həlak olmuş bütün vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yeni məktəb binasında müəllimlərin tədris prosesini həyata keçirməsi, şagird və tələbələrin yüksək səviyyədə təhsil almaları üçün zəruri şəraitin yaradıldığını qeyd edib. Əhəd Abıyev gələcəyimiz olan yeniyetmə və gənclərin onlar üçün yaradılan bu imkanlardan maksimum faydalanmalarını tövsiyyə edib, layiqli vətəndaş və ixtisaslı kadr kimi yetişərək, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin bütün sahələrdə davamlı uğurları üçün səfərbər etmələrini arzulayıb.
Daha sonra çıxış edən Oqtay Məmmədov yeni istifadəyə verilən məktəb binasının müasir təhsil standartlarına cavab verdiyini bildirib. Sədr müavini çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bunun bariz təzahürü olaraq son illər təhsil sahəsində mühüm islahatların həyata keçirildiyi, paytaxt Bakı və regionlarda yeni məktəb binaları və digər təhsil təyinatlı obyektlərin inşa və əsaslı təmir olunduğu diqqətə çatdırılıb. O.Məmmədov QSC adından sözügedən yeni məktəb binasının tikintisinə və çoxsaylı sosial layihələrin icrasına göstərdiyi təşəbbüs və dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Heydər Əliyev Fondunun Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə konseptual təhsil strategiyasının həyata keçirilməsinə töhfələr verdiyini qeyd edən Şamil Əzizov Fondun yeni məktəblərin tikintisi, əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində reallaşdırdığı layihələrdən danışıb, Fond tərəfindən hazırda da bu istiqamətində intensiv fəaliyyət aparıldığını diqqətə çatdırıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Elmir Cəfərov yeni tədris binasında yaradılmış şəraitin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyinə əmin olduğunu qeyd edib.
Təşəbbüsə və dəstəyə görə Heydər Əliyev Fondu və “AzerGold” QSC-yə təşəkkür edən təhsil ocağının direktoru Elmira Cəlilova hər cür inventar və avadanlıqlarla təmin olunan məktəbdə şagirdlərin yüksək səviyyədə bilik alması üçün bütün imkanlardan səmərəli istifadə ediləcəyini diqqətə çatdırıb.
Sonda çıxış edən Bəhlul İsgəndərov qardaşı şəhid Səlmixan İsgəndərovun adını daşıyan orta məktəbin yeni binasının istifadəyə verilməsinin təhsilin inkişafına böyük töhfə olmaqla yanaşı, qardaşının ruhuna hörmət və ehtiramın ifadəsi olduğunu bildirib.
Daha sonra qonaqlar modul tipli məktəb binası ilə tanış olub, tədrisin ilk günündə siniflərdə keçirilən dərs prosesini izləyiblər. Qeyd edilib ki, Quşçu qəsəbəsində müəllim və şagirdlərinin istifadəsinə verilən yeni məktəb binası 80 şagird yerlik tədris ocağında 10 sinif otağı, 1 müəllimlər otağı, 1 kitabxana və sanitar qovşaq mövcuddur. Tədris prosesi üçün zəruri avadanlıqlar, internet şəbəkəsi, kompüter, mebel və digər inventarlarla təchiz olunan məktəbdə 55 şagird təhsilini davam etdirəcək.
Xatırladaq ki, “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən etibarən aktiv hasilat həyata keçirdiyi “Çodar” qızıl mədəninin yaxınlığında yerləşən qəsəbə və kəndlərdə mütəmadi olaraq sosial layihələr reallaşdırır. Bölgədə Heydər Əliyev Fondunun dəstəyi ilə ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə çoxsaylı layihələr icra edilir.