Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib.
Yeni istifadəyə verilmiş binada köynək istehsalı sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana və ayrı-ayrı iş otaqları var. İstehsal sahəsi təhlükəsizlik kameraları, havalandırma qurğuları, yanğından mühafizə və xüsusi işıqlandırma sistemləri ilə təchiz edilib.
Burada Yaponiya, Avstraliya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisədə gündə 1000 ədəd köynək, kişi və uşaq alt geyimləri istehsal etmək mümkündür. Burada 13 çeşiddə məhsul istehsal olunacaq və daxili bazarın tələbatını ödəyəcək.
Eləcə də bax: Azərbaycan polipropileni Türkiyəyə göndərilib
İstehsal sahəsində 45 yeni iş yeri açılıb. İşçilər xüsusi geyimlə təmin olunublar.
“Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehrəngiz Əkbərova bildirib ki, daxili bazarın yerli istehsal məhsulları ilə təmin olunması üçün dövlət dəstəyi sayəsində sahibkarlıq subyektlərinin, özəl müəssisələrin yaradılmasının mühüm əhəmiyyəti var. Bu müəssisələrdən biri olan “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyəti də daxili tələbatın ödənilməsində iştirak edir.
Müəssisədə yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 800 min manat vəsait sərf olunub. Bunun 485 min manatı muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondundan ayrılmış kredit vəsaiti, 315 min manatı isə daxili imkanlar hesabına ödənilib.
Qeyd edək ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru Bəxtiyar İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov iştirak ediblər.