Göygöl rayonu həm gözəl təbiəti, tarixi və mədəniyyəti, həm də kənd təsərrüfatı və turizm imkanları ilə seçilir.
FED.az xəbər verir ki, bu bölgəni xüsusilə fərqləndirən cəhət isə onun qədim üzümçülük və şərabçılıq ənənələridir. Alman irsindən qaynaqlanan bu ənənə XIX əsrdə yaranıb və bu gün də davam edərək Göygölü Azərbaycanın tanınmış brendinə çevirib.
Bu zəngin irsin qorunması və tanıdılması məqsədilə Göygöl şəhərində ilk dəfə “Göygöl Brendi–Konyak Günü” adlı möhtəşəm tədbir keçirilib. Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və “Göygöl Şərab Zavodunun” dəstəyi ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında gerçəkləşib.
Tədbir çərçivəsində “Göygöl Şərab Zavodu” da öz məhsullarını nümayiş etdirib. Zavodun təqdim etdiyi müxtəlif brendi və şərablar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Şirkətin nümayəndələri müəssisənin 165 illik tarixindən, almanlar tərəfindən əsası qoyulmuş istehsal ənənəsindən və müasir texnologiyalarla birləşən fəaliyyəti və gələcək planlarından danışıblar.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.