İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilmiş forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənmiş vergi ödəyiciləri mükafatlandırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, forumda ölkənin iqtisadi inkişafında mühüm rol oynayan və vergi öhdəliklərini yüksək səviyyədə yerinə yetirən müəssisələr xüsusi olaraq qeyd edilib. Tədbir zamanı “Göygöl Şərab Zavodu” ASC regionlar üzrə vergi rekordçusu nominasiyası üzrə təltif olunub.
Bu mükafat müəssisənin uzun illər ərzində şəffaf fəaliyyət prinsiplərinə sadiq qalmasının, vergi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsinin göstəricisidir.
«Göygöl Şərab Zavodu» Azərbaycanın ən qədim şərabçılıq müəssisələrindən biri kimi yalnız keyfiyyətli məhsul istehsalı ilə deyil, həm də açıq biznes idarəetməsi, qanunvericiliyə uyğun fəaliyyət və sosial məsuliyyət prinsipləri ilə seçilir. Zavodun bu mükafata layiq görülməsi məsuliyyətli və dayanıqlı biznes modelinin nəticəsi olmaqla yanaşı, müəssisənin dövlət və tərəfdaşlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyini bir daha təsdiq edir.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisələrindən biridir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə nüfuzlu beynəlxalq mükafat və sertifikatlara layiq görülmüşdür.
Bununla yanaşı, müəssisə fəaliyyət istiqamətlərini genişləndirərək 2026-cı ildən etibarən “Göygöl” brendi altında təbii süfrə sularının və “Tutu” brendi ilə müxtəlif dadlarda limonadların istehsalına da başlamışdır. Bu yeni məhsullar şirkətin məhsul portfelini genişləndirərək istehlakçılara daha müxtəlif və keyfiyyətli seçimlər təqdim etməyə xidmət edir.











