Azərbaycanın ikinci ən böyük şəhəri, Qərb bölgəsinin iqtisadi mərkəzi olan Gəncə şəhərində sənayenin vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Gəncə Şəhər Statistika İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında, yəni ilk yarım ildə Gəncə şəhərində sənayenin həcmi 299 milyon manat olub, yəni şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən 299 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xidmətləri göstərilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə sənaye istehsalının həcmi azalıb – təqribən 1 milyon manat və ya 0,3%.
Məhsulun və xidmətlərin 66,5 milyon manatı və yaxud 22,2 faizi dövlət sektorunun, 232,5 milyon manatı və yaxud 77,8 faizi qeyri-dövlət sektorunun və və fərdi sahibkarların payına düşüb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk yarısında ölkə üzrə sənaye istehsalının həcmi ümumilikdə 31 milyard 485 milyon manat təşkil edib. Qeyri-neft sənayesinin həcmi isə bu dövrdə 8 milyard 794 milyon manat olub. Yəni Gəncə şəhərinin ölkənin ümumi sənaye istehsalında payı 0,94%, qeyri-neft sənayesində payı isə 3,4% təşkil edir.
Rəsmi məlumata görə, Gəncədə emal sektorunun müəssisələri tərəfindən 265,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib. göstərilmişdir.
Bundan 134,5 milyon manat metallurgiya sənayesi məhsulları, 63,1 milyon manat qida məhsulları istehsalı, 33,8 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı, 8,6 milyon manat içki, 25,4 milyon manat isə digər məhsulların istehsalı təşkil etmişdir.
Başqa sözlə, 265 milyon manatlıq emalın 168 milyon manatı 2 müəssisənin - metallurgiya və avtomobil istehsalının payına düşüb.
İlk yarım ildə Gəncədə 43,7 min ton un, 14,2 ton makaron, 108,7 min dekalitr araq, 67,7 min dekalitr şərab, 308 ədəd traktor, 134 ədəd MAZ yük avtomobili, 8380,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 602 ədəd elektron, 222 857 ədəd mexaniki su və qaz sayğacları istehsal edilib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2024-cü il yanvar-iyun ayları ərzində 20,3 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 12,6 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib.