Gələn ilin fevral ayında “Neo Project” MMC Sumqayıt Kimya Sənaye Parkında müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal edəcək müəssisənin inşasına başlayacaq.
Pirallahı Sənaye Parkında yeni şirkət - 59,3 MİLYONA DƏRMAN ZAVODU QURULACAQ
FED.az xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti “Neo Project” MMC-nin baş direktoru Mübariz Qasımov deyib.
Onun sözlərinə görə, hazırda tikinti ilə əlaqədar sənədləşmə işləri aparılır. Bu prosedurun gələn ilin yanvar ayının sonuna kimi tamamlanması, fevralın əvvəlindən isə tikinti işlərinə başlanması nəzərdə tutulur. Tikintinin 21 gün ərzində yekunlaşdırılması, Novruz bayramı ərəfəsində müəssisənin fəaliyyətə başlaması gözlənilir.
Layihənin ümumi investisiya dəyəri 3 milyon 318 min manat olsa da, ilkin mərhələdə 1,5 milyon manat sərmayənin yatırılması nəzərdə tutulur. Zavodun aylıq istehsal gücü 700 ton olacaq. İlkin mərhələdə 3 armatur, 1 şəbəkə istehsalı sahəsi açılacaq. Gələn ilin sonuna kimi isə 4 şəbəkə, 12 armatur sahəsi olmaqla, ümumilikdə istehsal sahələrinin sayının 16-ya çatdırılması planlaşdırılır.
M.Qasımov bildirib ki, istehsal edəcəkləri məhsullar Rusiyadan idxal edilir. Müəssisə fəaliyyətə başladıqdan sonra idxaldan asılılıq azalacaq və bazarda həmin məhsulların qiyməti 20 faiz ucuzlaşacaq. (Azərbaycan iqtisadiyyatı)