Son günlər Gədəbəydəki qızıl yatağının istismarı ilə məşğul olan şirkətlə bağlı müxtəlif fikirlər səsləndirilib. Həmin şirkətlərin ölkədə bəzi şəxslərin adı ilə bağlamaq cəhdləri müşahidə edilib.
Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün - KOMİSSİYA YARADILDI
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, irəli sürülən iddialar heç bir fakta söykənmir.
Belə ki, “Söyüdlü” qızıl yatağı Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti tərəfindən istismar edilir.
“Anglo Asian Mining” şirkəti Azərbaycanın 8 qızıl yatağının (Gədəbəy, Qoşa, Ordubad Qrupu (Şəkərdərə, Misdağ, Ağyurt, Piyazbaşı, Diakçay), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqları) işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.
Yatağın öyrənilməsi və istismarı əsasən 3 mərhələyə ayrılır. Sonuncu dəfə yatağın öyrənilməsi və istismarı “Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlu, Qızılbulaq və Vejnəli perspektivli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 1997-ci il tarixli Sazişin şərtlərinə uyğun olaraq aparılıb.
“Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlu, Qızılbulaq və Vejnəli perspektivli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” R.V. İnvestment Group Services, LLC şirkəti ilə bağlanmış Sazişdə dəyişikliklər edilib və 2022-ci il iyulun 5-də təsdiqlənib. Aparılmış dəyişikliyə əsasən 882 kvadrat km sahə kontrakt sahəsinə daxil edilib. Əlavə edilmiş kontrakt sahəsinin əsas hissəsi Gədəbəy rayonu ərazisini əhatə edir.
Qeyd edək ki, müstəqilliyin ilk illərində bu şirkətin Azərbaycandakı qızıl yataqlarının istismarına cəlb edilməsinin iqtisadi əsaslardan daha çox, siyasi əhəmiyyəti olub. Belə addımlar ABŞ-nin münaqişənin həllində daha aktiv iştiraka sövq etmək məqsədi daşıyıb.
Hazırda Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya Gədəbəydə baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb. Bu tədbirlər çərçivəsində “Anglo Asian Mining” şirkətinin məsuliyyət dairəsi də müəyyən ediləcək.