“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ən irihəcmli layihələrindən biri olan “Filizçay” polimetal yatağının yerin təkindəki resurslarının hesablanmış miqdarı artırılıb.
FED.az xəbər verir ki, yatağın Cəmiyyət tərəfindən istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların aparılması üçün filiz nümunələri Böyük Britaniyanın nüfuzlu "Petrolab" şirkətinin laboratoriyasında tədqiq edilib. Yatağın beynəlxalq standartların tələblərinə uyğun qaydada yenidən qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə ümumi dərinliyi 19 595 metr olan 67 ədəd quyu qazılaraq nəticələri ətraflı təhlil edilib. “Filizçay”ın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi olan JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq hesablanıb. Hesablamanın nəticəsi olaraq, 1983-cü ildə SSRİ dövründə dövlət balansına daxil edilmiş nəticələrlə müqayisədə 20%, 2018-ci ildə “SRK Consulting” şirkətinin ABŞ nümayəndəliyi tərəfindən aparılmış audit hesablamaların nəticələri ilə müqayisədə isə filiz resurslarında 88% artım qeydə alınıb. Nəticədə “Filizçay” üzrə yerin təkindəki filiz resurslarının hesablanmış miqdarının 112.71 milyon ton olması təsdiqlənib. Hazırda yatağın filizlərinin optimal zənginləşdirilmə sxemlərinin hazırlanması məqsədilə metallurji tədqiqatlar aparılır.
Məlumat üçün qeyd edək ki, 1959-cu ildə kəşf edilmiş “Filizçay” Balakən rayonunun inzibati ərazisində yerləşir və regionun ən böyük polimetal yatağıdır. Bununla yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb. Yataqda mis, sink, qızıl, gümüş və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur. Yerin təkində mövcud olan metalların ilkin ehtimal edilən həcmi təqribən 3 milyon unsiya qızıl ekvivalentində dəyərləndirilir. Qeyd edilən metal həcminin çıxarılabilən və iqtisadi cəhətən səmərəli hissəsinin müəyyən edilməsi istiqamətində müvafiq tədqiqatlar davam etdirilir.
Xatırladaq ki, hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və digər bu kimi bir neçə uzunmüddətli mərhələninin icrasını tələb edir. Layihədən asılı olaraq bilavasitə hasilat işlərinə başlamazdan öncə bu mərhələlərin icrasına orta hesabla 5-8 il vaxt tələb olunur. Bütün bunlar nəzərə alınaraq, təhlil və tədqiqatların nəticələri gözləntiləri qarşılayacağı və iqtisadi cəhətədən səmərəliliyi təsdiqlənəcəyi təqdirdə, layihə üzrə işlərin paralel və optimal icrası nəticəsində istismar işlərinə planlaşdırılan müddətdən daha tez başlanılması ehtimal olunur. Belə ki, yataqda hasilat işlərinə 2025-ci ildə sınaq rejimdə start verilməsi, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınması planlaşdırılır.
"Filizçay" yatağının proqnozlaşdırılan istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi hədəf olaraq müəyyən edilib. Bundan əlavə, yatağın istismara verilməsi 1000-dən çox yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına və ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.