«Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının işlənməsi üzrə operator «BP Azərbaycan» şirkəti ilk 3 rübün nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, 2018-ci ilin birinci üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 367 milyon dollar əməliyyat məsrəfləri və 825 milyon dollar əsaslı məsrəflər xərclənib.
Bu dövrdə AÇG-dən ümumi hasilat – Çıraq (47 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 161 milyon barel, yəni 22 milyon ton olub.
Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub. Üç rüb ərzində AÇG-də 8 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.
İlk 9 ayda AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,6 milyon kubmetr, ümumilkdə isə 1,8 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Xatırladaq ki, AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).