Pirallahı Sənaye Parkında Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri A.Ş.” şirkəti ilə birgə beynəlxalq keyfiyyət standartlarına və Azərbaycanın milli əczaçılıq təhlükəsizliyi prioritetlərinə uyğun yeni əczaçılıq zavodu tikilir.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
E.Əliyev bildirib ki, zavodda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq:
"Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib. Pirallahı Sənaye Parkının ərazisi artıq tam şəkildə rezidentlərlə dolub. Sahibkarların bura marağı böyükdür. Buna görə də sənaye parkının ərazisinin genişləndirilməsi məsələsinə baxıla bilər. Burada layihələrinin investisiya həcmi 120 milyondan manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib. Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 45 milyon manatdan çox investisiya yatırılıb, 160-a yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkında indiyədək 64,5 milyon manatlıq məhsul istehsal edilib”.
O qeyd edib ki, Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin tam gücü ilə fəaliyyətə başlaması əczaçılıq sənayesinin inkişafını, dərman vasitələri və tibbi ləvazimatlara tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdıracaq. (Apa)