Ələt Azad İqtisadi Zonasının inkişaf strategiyası bir neçə mərhələdən ibarətdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan-Macarıstan biznes forumunda çıxış edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
Onun sözlərinə görə, birinci mərhələdə - xarici infrastrukturun qurulması 2021-ci ilin mart ayında bitib və aprel ayında 60 ha ərazinin qurulmasına başlanılıb, iyulda isə biznes mərkəzin inşasına start verilib.
"Fiziki inkişaf proqramı davam edir və biz "Mərhələ 1" üzrə daxili infrastrukturun qurulmasını və istifadəyə verilməsini 2022-ci ilin iyulunda planlaşdırırıq. İnfrastrukturun inkişafının birinci mərhələsi başa çatdıqdan sonra bizim xarici və daxili infrastrukturu, gömrük-keçid məntəqəsi və Ələt Azad İqtisadi Zonasına əsas girişi hazır olan 60 hektarlıq ərazimiz olacaq", - V. Ələsgərov bildirib.
O həmçinin qeyd edib ki, "Mərhələ 1"in 60 hektarlıq ərazisində tikinti işləri başa çatdıqdan sonra 84 hektarlıq sahədə tikinti işlərinə başlamağı planlaşdırılır: "Lakin bizim layihədə Ələt Azad İqtisadi Zonasına investisiya qoymağa və müəssisələrini qurmağa hazır olan investorların çoxluğunu nəzərə alaraq, biz "Mərhələ 2"nin ərazisini 84 hektardan 138 hektara qədər artırmalıyıq və burada tikinti işlərinə bu ilin sonunda qədər başlamalıyıq ki, investorlarımızı gələn ilin sonuna əlavə sənaye torpaqları təmin edək".
V. Ələsgərov əlavə edib ki, bu səbəbdən ağır sənaye üçün təsis edilən "Mərhələ 3" bu il başlanılmalıdır və investorlar 2024-cü ildən gec olmayaraq sözügedən mərhələ tərəfindən əhatə olunan sənaye torpaqları ilə təmin olunmalıdır.