Almaniya Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə Assosiasiyanın icraçı direktoru Maykl Harmsın rəhbərliyi altında aparıcı alman şirkətlərindən ibarət nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.
Azərbaycanın ilk «biznes cənnəti» - Ələt Azad İqtisadi Zonası ilə bağlı – İŞLƏR GÜCLƏNDİRİLİB
FED.az xəbər verir ki, səfər zamanı Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ƏAİZ-in fəaliyyəti, strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə mühəndis kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır ərazi-daxili və ərazi-xarici torpaq sahələri və investorlar üçün təklif olunan maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra, “Silk Way AFEZCO” şirkətinin icraçı direktoru Cavad Dbila nümayəndə heyətini ƏAİZ-in ərazisində tikiləcək karqo hava limanı haqqında məlumatlandıraraq bildirib ki, sözügedən hava limanı ƏAİZ-in investorları və digər müştərilər üçün hava ilə beynəlxalq yükdaşıma nəqliyyatı xidmətləri göstərəcək. Ardınca, “Silk Way Group” şirkətinin prezidenti Zaur Axundov karqo hava limanının strateji əhəmiyyəti və ƏAİZ-in investorları və digər müştərilər üçün faydalarından bəhs edib.
Görüş sual-cavab sessiyası ilə başa çatıb.