Azərbaycanda qızıl yataqlərinin işlənməsi ilə bağlı ciddi yenilik başlayıb.
FED.az xəbər verir ki, bundan sonra belə müqavilələrin icrasına nəzarət səlahiyyəti «AzerGold» QSC-yə ötürülüb.
Belə ki, bir neçə gün əvvəl Azərbaycanın Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ABŞ-ın «R.V. Investment Group Services, LLC» şirkəti arasında sazişə aid qanun Milli Məclis tərəfindən qəbul edilib və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 21 iyun 2024-cü il tarixində təsdiq edilərək qüvvəyə minib.
Sözügedən qanuna Qanuna əsasən, həmin sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə ötürülüb.
FED.az xəbər verir ki, Sazişin şərtlərinə əsasən, «AzerGold» QSC dövlət şirkəti ABŞ-ın «R.V. Investment Group Services, LLC» şirkətinə hüquq və mənafelər vermək, fəaliyyətin səmərəli təşkil edilməsinə nəzarət etmək, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi üçün hökumət orqanları ilə əməkdaşlığı təmin etmək və digər öhdəlikləri daşıyır.
«AzerGold» QSC-nin yaydığı məlumatda bildirilir ki, burada məqsəd Saziş üzrə işlərin icrasında «R.V. Investment Group Services, LLC» ilə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti arasında səmərəli əməkdaşlığın təmin edilməsidir.
Yeniliyə əsasən Saziş sahələrində mədənlərin idarəolunması, geoloji kəşfiyyat, hasilat, istehsalat, həmçinin ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial məsuliyyət və digər istiqamətlərdə «R.V. Investment Group Services, LLC»in fəaliyyəti “AzerGold” QSC-nin nəzarəti ilə icra ediləcək. Belə ki, “AzerGold” QSC nəzarət edəcək ki, operator şirkətin dağ-mədən fəaliyyəti yerli və beynəlxalq qanunlara uyğun icra edilsin.
«AzerGold» QSC-nin yaydığı məlumatda bildirilir ki, artıq dövlət şirkəti tərəfindən Sazişdən irəli gələn məsələlərin həlli, fəaliyyətin operativ təşkili, müxtəlif fəaliyyət istiqamətlərində Sazişin tələblərinin müəyyən edilməsi məqsədilə işlərə başlanılıb.
Belə ki, qeyd edilən məqsədlər nəzərə alınaraq “AzerGold” QSC-nin nəzdində işçi qrup yaradılıb. İşçi qrupa bir ay müddətində fəaliyyətin təşkil edildiyi sahələrə, o cümlədən infrastruktura ümumi baxışın keçirilməsi, Saziş çərçivəsində görülən işlərin və mövcud vəziyyətin təhlil edilməsi, görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi və təkliflərin formalaşdırılması tapşırılıb.
Eyni zamanda fəaliyyət və nəzarətin təşkili məqsədilə Rəhbər Komitənin yaradılmasına başlanılıb.
Qeyd edək ki, Saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanılmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl” dövlət şirkətinin ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl” dövlət şirkətinin hüquqi varisi hesab edilmişdi.