Azərbaycanın ən böyük və problemli dağ-mədən aktivi olan «Daşkəsən Filizsaflaşdırma» ASC sahibini tapıb.
FED.az xəbər verir ki, prezident İlham Əliyev «Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və «AzerGold» QSC-nin yaradılması haqqında» 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, «Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında» 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə» sərəncam imzalayıb.
Sərəncama əsasən «AzerGold» QSC ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin edəcək.
Sərəncama əsasən, «AzerGold» QSC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının 2-ci hissəsinə “əlvan” sözündən sonra “və qara” sözləri əlavə edilib. Yəni «AzerGold» QSC əlvan metallarla yanaşı, qara metal filizi yataqlarında da işlər apara biləcək..
Xatırladaq ki, hələ 2016-cı ildə prezidentin 2198 saylı sərəncamı ilə «Daşkəsən Filizsaflaşdırma» ASC Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdi və komitəyə tapşırılmışdı ki, ASC-ni investisiya müsabiqəsi yolu ilə özəlləşdirsin. İndiki sərəncamla 2016-cı ildəki sərəncamda həmin bəndlər də ləğv edilib.
Nazirlər Kabinetinə isə tapşırılıb ki, «Daşkəsən Filizsaflaşdırma» ASC-nin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün.