“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirilən “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün növbəti təlim təşkil edilib.
FED.az xəbər verir ki, Daşkəsəndə arıçılıq təsərrüfatlarının qış mövsümünə hazırlığı məqsədilə təşkil edilən təlimdə rayonun Çovdar, Quşçu (“Şadax” adlanan ərazi daxil olmaqla) və Bayan kəndində fəaliyyət göstərən fermerlər iştirak ediblər.
Fermerlər layihə çərçivəsində cəlb edilmiş ekspert tərəfindən arı ailələrinə payız mövsümündə qulluq qaydaları, arıların qış mövsümündə xəstəliklərdən qorunma və ziyanvericilərlə mübarizə tədbirləri mövzularında maarifləndiriliblər. Həmçinin fermerlərə metodiki təlimat bukletləri paylanılıb.
Qeyd edək ki, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi artıq ikinci ildir ki, həyata keçirilir. Layihədə əsas məqsəd “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən kənd və digər yaşayış məntəqələrinin sakinlərinin təsərrüfat fəaliyyətlərinin dəstəklənməsi ilə bölgədə mikro və kiçik sahibkarlığının inkişafına töhfə vemrəkdir. Bu məqsədlə, ilk dəfə 2022-ci ildə icra edilən layihədən Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən 24 nəfər arıçı fermer faydalanıb. Builki layihəyə isə Çovdar, Quşçu (“Şadax” adlanan ərazi daxil olmaqla) və Bayan kəndlərin ümumilikdə 32 nəfər fermer cəlb edilib.
Ümumilikdə, 2 il ərzində layihəyə cəlb edilmiş 56 nəfər fermerə tam təchiz edilmiş 216 arı ailəsi, arı yeşikləri və digər zəruri ləvazimatlar təqdim olunub. Bundan başqa, arıçıların tədarük etdikləri balın istehsal prosesini asanlaşdırmaq məqsədilə Çovdar, Bayan, Quşçu kəndlərində balsüzən dəzgahlar istifadəyə verilib.
Xatırladaq ki, “AzerGold” QSC korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində hasilat bölgələrində ətraf mühitin qorunması, məşğulluğun artırılması, təhsil, idman, sağlamlıq, mikro və kiçik sahibkarlığın inkişafı, yeniyetmə və gənclərin təlim-tərbiyəsi, sosial rifahın yüksəldilməsi, mədəni irsin qorunması və digər istiqamətlər üzrə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. İcra edilən layihələr regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları, sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanır və realizə edilir.